Daxili Təqaüd Proqramı

Veb səhifədə qeydiyyatdan keçərək özünüzə şəxsi profil yaradıqdan sonra öz profilinizdən müraciət edə bilərsiniz.


Bakalavr pilləsinin 1-ci kursunda təhsil alan tələbələr istisna olmaqla bakalavr (yalnız əyani) və magistr (əyani və ya qiyabi) pilləsi üzrə təhsil alan tələbələr


Təqaüdçü olan tələbə sonradan SOCAR-da işlə təmin oluna bilər. İşlə təmin olunan təqaüdçüyə "Gənc mütəxəssis" statusu verilir. Gənc mütəxəssis SOCAR-da güzəştli şərtlərlə mənzil almaq imkanı qazanır (mənzil növbəsinə dayanmağa əsas verən səbəblər olduğu halda). Məzun aşağıdakı şərtlər daxilində işə qəbul olunur: ən azı son 2 tədris ilində təqaüdçü olmalıdır və Ödənişli təcrübə proqramında ən azı 1 (bir) dəfə iştirak etməli və təcrübə yerindən müsbət rəy almalıdır (təcrübəni neçənci kursda keçməsindən asılı olmayaraq).


Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrini (bakalavriat və ya magistratura pilləsi üzrə) son 2 (iki) tədris ilində SOCAR Təqaüdçüsü statusu ilə bitirmiş və SOCAR-ın həyata keçirdiyi Ödənişli təcrübə proqramında ən azı bir dəfə iştirak etmiş və təcrübə yerindən müsbət rəy almış məzunlar, müvafiq vakansiya olduğu təqdirdə, SOCAR-da müsabiqədənkənar işlə təmin olunan gənclər.


Əgər işə qəbul olunmaq üçün bütün şərtlərə cavab verirsinizsə, Siz işə qəbul edilmək üçün gözləmə siyahısına daxil edilirsiniz. Gözləmə siyahısının qüvvədə olma müddəti (təhsilini bitirdiyi ilin sentyabr ayından başlayaraq) aşağıdakı kimidir:

  1. qadın məzunlar üçün – 1 il;
  2. kişi məzunlar üçün:
    1. hərbi xidmətlə olarsa – 2 il;
    2. hərbi xidmətlə olmazsa – 1 il.

Profilinizdən Daxili Təqaüd Proqramına müraciət etdiyiniz zaman aşağıdakı sənədləri (.rar, .zip formatında) yükləməyiniz tələb olunur:

1. Şəxsiyyət vəsiqəsi (hər iki üzü);

2. Tələbə bileti;

3. Rəsmi transkript (möhürlü və imzalı).


Siz işə qəbul şərtlərinə cavab verirsinizsə, işə müraciət edəndən sonra gözləmə siyahısı qüvvədə olduğu müddətdə Sizə vakansiya olduğu təqdirdə müvafiq iş təklif olunacaqdır. Iş yerini və ya vəzifəni SOCAR təklif edir. Əlavə olaraq qeyd edək ki, SOCAR tərəfindən təklif olumuş işdən imtina edən məzun Gözləmə siyahısından çıxarıla bilər.


SOCAR təqaüdü 2010-cu ilin noyabr ayından aylıq 100 manatdır. Təqaüd Müsabiqə keçirilən tədris ilinin sentyabr-iyun ayları (10 ay) üzrə verilir


Müsabiqə hər tədris ilinin 1-ci semestri başa çatdıqdan sonra 1-2 ay ərzində elan olunur. Müsabiqəyə qeydiyyatın dəqiq müddəti hər dəfə elanlar bölməsində göstərilir


Proqramda ixtisasların dəqiq yox, təxmini adları qeyd olunub. Əgər sizin ixtisasınız mahiyyətcə siyahıdakı ixtisaslara aid edilə bilərsə, namizədliyiniz qəbul olunacaq.


Müsabiqə təşkilatçıları da başa düşür ki, "kafi" qiymətlərlə oxuyan tələbələr arasında da istedadlı gənclər ola bilər. Çoxumuz tələbəlik illərində "kafi" qiymətlər də alan, lakin hazırda yaxşı mütəxəssis kimi tanınan və ya "əla" və "yaxşı" qiymətlərlə oxuyub, lakin iş yerində özünü təsdiqləməyən bir neçə şəxsin adını çəkə bilərik. Amma bunlar istisna hallarıdır. İstisnalar isə qaydanın doğruluğunu təsdiqləyir. Bir analogiya gətirək. Məlumdur ki, torpağın altında istənilən yerdə karbohidrogenlər var. Bəs onda niyə hər yerdə neft və ya qaz çıxarılmır? Çünki, ehtiyatların konsentrasiyası hər yerdə eyni deyil. Bəzi yerlərdə onun sənaye istismarı səmərəlidir (yəni, konsentrasiyası çoxdur), bəzi yerlərdə isə - səmərəsiz (konsentrasiyası çox azdır və ya sıfra yaxındır). Hər bir işə başlamazdan əvvəl onun səmərəsi hesablanır (bu pulla da ifadə oluna bilər, başqa göstəricilərlə də). Yalnız o işə başlamaq olar ki, orada sərf olunan resursların dəyəri əldə etdiyin nəticələrin dəyərindən az olsun. Daha dəqiq desək, biznesin əsas məqsədi minimum məsrəflə maksimum gəlir əldə etməkdir. İstənilən müsabiqə bir biznes layihəsidir (xüsusilə də kommersiya təşkilatı tərəfindən keçirilən müsabiqə). Bu layihəyə də resurslar sərf olunur və onun nəticələri ilə müqayisə olunur. Aydındır ki, "əla" və "yaxşı" qiymətlərlə oxuyan tələbələr arasında bilikli (və deməli, gələcəkdə yaxşı mütəxəssis ola biləcək) gənclərin xüsusi çəkisi "kafi" qiymətlərlə oxuyan tələbələrə nisbətən daha çoxdur. Bu səbəbdən də yuxarıda qeyd etdiyimiz analogiyaya əsasən bu kontingentlə işləmək səmərəlidir. Əgər nə vaxtsa, nəticələrin dəyəri resurslardan az olarsa, onda müsabiqəni keçirməyə ehtiyac qalmayacaq. Əvvəlki semestrlərdə 1-2 "kafi" qiymətinin nəzərə alınmaması şərti isə təsadüfi "kafi" qiymət alan tələbələr üçün stimul yaratmaq məqsədi daşıyır. Çünki təsadüfü qiymətlər, bir qayda olaraq, 1-ci kursda (ali məktəb həyatına adaptasiya ilə bağlı) olur. Bir məsələni də unutmaq lazım deyil. Yaxşı oxumaq yalnız bilik göstəricisi deyil, bu həm də məsuliyyət göstəricisidir. Müasir işçi üçün bu çox vacib göstəricidir.


Müsabiəqənin məqsədi gələcəkdə yaxşı, perspektivli mütəxəssis ola biləcək tələbələri seçmək və digərlərini belə olmağa həvəsləndirməkdir. Yaxşı mütəxəssis olmaq üçün isə yalnız universitetdə "yaxşı" və "əla" qiymətlərlə oxumaq kifayət deyil.

Komissiya müsahibə zamanı tələbənin ixtisas biliyini, həmçinin ixtisasını SOCAR-ın fəaliyyəti ilə əlaqədar olaraq nə dərəcədə mənimsəməsini qiymətləndirir. Bundan əlavə namizədin fikrini ifadə etmə, məsuliyyətlilik, davranış, özünəinam, inandırma, liderlik və s. keyfiyyətlərini də nəzərə alınır. Bu meyarlara cavab verməyəcəyi təqdirdə, ən yaxşı qiymətlərlə təhsil alan tələbələr belə müsabiqədə təqaüdçü seçilməyəcəklər.


Müsabiqənin 2-ci turunda - müsahibələrdə hər bir Komissiya üzvü tələbələri fərdi şəkildə qiymətləndirir. Bütün kurslar üzrə müsahibələr başa çatdıqdan sonra Komissiya üzvləri qiymət cədvəllərini (qiymətlər 5 ballıq sistemdə onda bir dəqiqliklə verilir) imzalayaraq, bir nüsxəsini Təlim və inkişaf şöbəsinə (TİŞ) təqdim edirlər, digər nüsxəsini isə özlərində saxlayırlar. TİŞ-də müsabiqə nəticələri ümumiləşdirilir: bütün tələbələr üzrə Komissiya üzvlərinin verdiyi ballar bir cədvələ qeyd olunur, hər bir tələbə üzrə orta bal (balların cəmi müsahibədə iştirak etmiş Komissiya üzvlərinin sayına bölünməklə, yüzdə bir dəqiqliklə) tapılır, hər kurs üzrə tələbələr orta bala nəzərən çoxdan aza doğru sıralanır. Hər kursdan 4,00 baldan aşağı olmamaq şərti ilə ən çox orta bal toplamış 40 nəfərədək namizəd cədvəldə təqaüdçü kimi qeyd olunur. Cədvəl tanış olmaq və yoxlanmaq üçün Komissiya üzvlərinə göndərilir. 3-4 gün müddətində hər hansı Komissiya üzvünün iradları olarsa, onlar imzalanmış və TİŞ-ə təqdim olunmuş müvafiq qiymət cədvəli ilə tutuşdurulur. Cədvəlin məlumtları dəqiqləşdirildikdən sonra Komissiyanın yekun iclası keçirilir və təqaüdçülərin siyahısı təsdiqlənir. İclasın növbəti günü bu siyahı SOCAR-ın saytında elan olunur.


Prosedurlar aşağıdakı kimidir:

  1. Mənzil təmin edilmək üçün "Neftçi" mənzil-tikinti kooperativinə (MTK) üzv olmaq lazımdır.
  2. Daxili Təqaüd Proqramı qalibləri kimi işə düzələnlər Kooperativə növbədənkənar üzv olma hüququna malikdirlər (digər işçilər müəyyən staj senzindən sonra üzv ola bilərlər).
  3. MTK-ya üzv olmaq üçün xüsusi elanı gözləmək lazımdır (elanda binanın yeri və ərizə qəbulu müddəti qeyd olunur). Elanlar bütün idarələrdə bir çox yerlərdə asılır. Hər tikilən bina üçün ayrıca elan verilir. Elan tikiləcək binanın layihəsi hazır olduqdan sonra verilir.
  4. MTK-ya üzv olmaq istəyən müvafiq elandan sonra SOCAR rəhbərliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
        1) ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin surətləri; 

        2) yaşayış yerindən arayış (forma 2); 

        3) işlədiyi müəssisə rəhbərinin vəsatəti; 

        4) əmək kitabçasının surəti; 

        5) ailə üzvlərinin adına yaşayış sahəsinin olub-olmaması haqqında DƏDRX-dən arayış;

      6) nikah və doğum haqqında şəhadətnamələrin surəti.
  5. Təqdim olunan sənədlər Baş ofisin Yaşayış sahələri üzrə iş şöbəsi (YSİŞ) tərəfindən araşdırılır. Araşdırmanın nəticəsinə əsasən, inşa ediləcək yaşayış binasındakı mənzillərin say və sahəsinə müvafiq olaraq MTK üzvlüyünə namizədlərin siyahısı hazırlanır. Siyahı ərizələrin daxil olma tarixinə nəzərən tərtib edilir və müvafiq qaydada təsdiqləndikdən sonra MTK-ya təqdim olunur. Müraciətə baxılmanın nəticəsi barədə ərizəçiyə yazılı məlumat verilir.
  6. Siyahısı MTK-ya təqdim edilmiş şəxslər göndərişin daxil olduğu tarixdən 15 gün müddətində MTK ilə Pay qoyuluşu müqaviləsi bağlamalıdırlar.
  7. MTK ilə Pay qoyuluşu müqaviləsini bağlayan, birdəfəlik üzvlük haqqını (10 manat) ödəyən şəxs MTK-nın Ümumi Yığıncağının qərarı ilə MTK-nın üzvü sayılır.
  8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan namizəd 2 otaqlı mənzilə sahib ola bilər.
  9. 2 otaqlı mənzilin dəyərinin 50%-i SOCAR tərəfindən, 50%-i isə özü tərəfindən ödənilir.
  10. Namizəd öz istəyilə 2 otaqlı mənzilin sahəsinin 50 %-indən çox olmamaq şərti ilə əlavə sahə (yəni, 3 otaqlı mənzil) seçə bilər. Əlavə sahənin dəyəri üzv tərəfindən tam həcmdə ödənilir.
  11. Mənzilin dəyəri tikinti müddətində MTK-ya ödənilməlidir. Mənzilin dəyərinin MTK üzvü tərəfindən ödəniləcək hissəsi 10 ilədək müddətə illik 4% olmaqla kreditləşdirilə bilər. Əlavə seçilmiş sahənin dəyəri tikinti müddətində ödənilməlidir və bu məbləğ kreditləşdirilmir.
  12. Kooperativə üzv olanlar minimum 3 il olmaqla, pay haqqını tam ödəyənədək SOCAR-da işləməlidir.
  13. Aşağıdakı hallarda Kooperativ üzvlüyünə xitam verilir:
        1) SOCAR rəhbərliyinə Kooperativdən çıxmaq barədə ərizə verdikdə; 

        2) SOCAR ilə əmək münasibətlərinə xitam verildikdə (3 il işləmə öhdəliyinin yerinə yetirilməsi və pay haqqının tam ödənilməsi halları istisna olmaqla); 

        3) Kooperativlə bağlanmış müqavilə öhdəlikləri üzv tərəfindən yerinə yetirilmədikdə; 

      4)Kooperativ qanunvericiliyə uyğun olaraq ləğv edildikdə.
  14. Kooperativ üzvlüyünə xitam verilmiş şəxsə ödənilmiş pay haqqının qaytarılması tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

SOCAR işçiləri mənzil məsələləri ilə bağlı suallarını Baş ofisin Yaşayış sahələri üzrə iş şöbəsinin mütəxəssislərinə verə bilərlər. Əlaqə telefonlar: 11-063; 11-251; 11-272; 10-074. . 


Test imtahanından sonra nəticələr təhlil edilir və keçid balları ilə əlaqədar olaraq SOCAR-ın Müsahibə Komissiyası üçün təkliflər hazırlanır. Müsahibə komissiyası təklifləri müzakirə edir və yekun qərar verir. Keçid balları ixtisas qrupları üzrə tələbələrin yığdıqları ballar əsasında azı 10-15 gün ərzində müəyyən olunur.

QEYD: Müvafiq ixtisas qrupu üzrə rəqabətlilik (yığılan ballar) yüksək olduqca, həmin ixtisas qrupunun keçid balı da daha yüksək müəyyən olunur və ya əksinə.


Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikasında yerləşən bütün ali təhsil müəssisələrinin tələbələri proqrama müraciət edə bilərlər.


  • Tələbənin ixtisası ilə əlaqədar;
  • SOCAR-ın fəaliyyət istiqamətləri ilə əlaqədar;
  • SOCAR-ın ölkə daxili və xaricindəki layihələri ilə əlaqədar;
  • Azərbaycanın neft tarixi və sənayesi ilə əlaqədar;
  • Tələbənin fərdi davranış keyfiyyətləri (liderlik, inandırma, davranış, məsuliyyətlilik və s.) ilə əlaqədar;